ELM VƏ TƏHSİL
Gürcüstanda “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcəkdir
Bakı, 26 yanvar (AZƏRTAC). Bu il aprelin 13-dən 16-dək Tbilisidə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Türkiyənin Ardahan Universiteti, Qafqaz Universitetlər Birliyi və Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondunun birgə təşkilatçılığı ilə “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcəkdir.
AMEA Folklor İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, məqsəd qardaş xalqların elm sahəsində əməkdaşlığını gücləndirməkdir. Simpozium filologiya elmləri doktoru, professor, 30 kitab müəllifi, uzun illər Azərbaycan-gürcü ədəbi əlaqələrini tədqiq etmiş Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyevin) xatirəsinə həsr olunmuşdur.
Tədbirdə “Türkologiya və Qafqazşünaslığın problematikası“, “Qafqaz xalqlarının folkloru“, “Qafqaz xalqlarının tarixi və mədəniyyəti“ və “Linqvokulturologiya (areal linqvistika, tipologiya və komparavistika)“ mövzuları müzakirə olunacaqdır.
Konfransda iştirak etmək istəyənlər tezislərini və doldurulmuş anketi fevralın 20-dək [email protected], [email protected] elektron ünvanlarına göndərməlidirlər.
Ətraflı məlumatı və anket formasını www.folklorinstitutu.com səhifəsindən əldə etmək olar.