SİYASƏT
Gürcüstanın insan hüquqları üzrə müvəkkili milli azlıqların nümayəndələri ilə görüşmüşdür
Tbilisi, 28 dekabr (AZƏRTAC). Gürcüstanın yeni seçilmiş insan hüquqları üzrə müvəkkili (Ombudsman) Uça Nanuaşvili milli azlıqların nümayəndələri ilə görüşmüşdür.
Ombudsman qeyd etmişdir ki, milli azlıqların hüquqlarının qorunması, vicdan azadlığı məsələləri demokratik dövlət quruculuğunun məhək daşıdır və mən bu hüquqların müdafiəsi üçün əlimdən gələni edəcəyəm.
U.Nanuaşvili Ombudsman Aparatı nəzdində yaradılmış milli azlıqlar şurası üzvlərinə də fəaliyyətlərini gücləndirmələrini təklif etmişdir.
Ombudsman Aparatı nəzdindəki media-qrup komissiyasının sədri, Gürcüstan Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilov görüşün tanışlıq xarakteri daşıdığını qeyd etmiş və yeni Ombudsmanın milli azlıqların problemləri ilə maraqlandığını, şura üzvlərinə gələcək fəaliyyət proqramı, mülki inteqrasiya sahəsində işin gücləndirilməsi barədə ətraflı məlumat verdiyini bildirmişdir. O, belə görüşlərin gələcəkdə də keçirilməsinin qərara alındığını demişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi