SİYASƏT
“HAFFİNQTON POST” AZƏRBAYCAN DİPLOMATININ MƏQALƏSİNİ DƏRC ETMİŞDİR
Vaşinqton, 13 sentyabr (AZƏRTAC). ABŞ-ın nüfuzlu internet qəzeti “Haffinqton Post” Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulu Elin Süleymanovun “Tarixi yaradarkən: Azərbaycandan baxış” başlıqlı məqaləsini dərc etmişdir.
ABŞ-da son illər baş vermiş siyasi prosesləri təhlil edən diplomat yazır ki, Amerika cəmiyyətində qadınların artan liderliyi 2008-2009-cu ilin ən yadda qalan siyasi meyillərindən birinə çevrilməkdədir. Senator Hillari Klintonun prezidentliyə namizədliyin bir neçə addımlığına qədər gəlməsi, daha sonra Obama hakimiyyətində ən yüksək vəzifələrdən birinə təyin edilməsi, Respublikaçılar partiyasının isə vitse-prezidentliyə Sara Peylini ilk qadın namizəd irəli sürməsi göstərir ki, qadınlar Birləşmiş Ştatların siyasi proseslərində tam tərəfdaş kimi qəbul olunurlar.
Bu meyillər bütün dünya tərəfindən yaxından izlənilsə və rəmziləşdirilsə də, Azərbaycanda qadının siyasi rolu hələ ötən ərsrdə tanınmışdır. 91 il bundan əvvəl müsəlman dünyasının ilk demokratik parlament respublikasını quranlar cinsindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar vermişdilər. Bunu etməklə, Azərbaycan tək bölgəmiz üçün deyil, bütün dünya üçün fundamental bir prinsipin yerinə yetirilməsində ilk cığıraçan olmuşdur.
Məhz bu ənənələrə əsaslanaraq, Azərbaycanın birinci ledisi Mehriban xanım Əliyeva 2008-ci ildə “Mədəniyyətlərarası Dialoqda Qadınların Rolunun Genişləndirilməsi” üzrə beynəlxalq forumun keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. YUNESKO və İSESKO-nun birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən bu toplantı müxtəlif mənşəli qadın liderləri bir araya gətirmişdir. Azərbaycan parlamenti və hökumətinin qadın təmsilçiləri ilə yanaşı, forum iştirakçıları qadınların qlobal anlaşmaya töhvə vermək yollarını aramışdılar.
Azərbaycanlı diplomat yazısında qeyd edir ki, beynəlxlaq forum təşkilatçıları siyasi baxışlarından asılı olmayaraq, Sara Peylin və Hillari Klinton kimi işləyən ana olmaqla yanaşı, liderlik qabiliyyəti nümayiş etdirməyin nə demək olduğunu gözəl anlayırlar. Bu, özü özlüyündə beynəlxalq səhnədə aparılan fikir mübadiləsinə təkan verir.
Elin Süleymanov sonda bildirir: “Bu gün mən, deyə bilmərəm 1918-ci ildə Azərbaycanın ilk qadın seçiciləri kimə və ya nəyə səs vermişdilər. Amma, bir şey aydındır ki, 90 il üstündən keçsə belə, bu pionerlərin etdikləri dəyişikliklər bu gün də aktuallığını itirmir”.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton