İQTİSADİYYAT
Haqsız rəqabətə qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 2 dekabr (AZƏRTAC). Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan “Xəqan” kiçik müəssisəsi barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Xəqan” kiçik müəssisəsinə 727 manat maliyyə sanksiyası tətbiq edilmiş, piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilmiş 612 ədəd DVD-nin məhv edilməsi barədə icrası məcburi göstəriş verilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.