İQTİSADİYYAT
Hazırda ARDNŞ qarşısında duran ən mühüm məsələ mədən ərazilərindəki yeni tikililərin qarşısının alınmasıdır
Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları qanunsuz zəbt olunmuş mədən ərazilərində jurnalistlərin iştirakı ilə monitorinq keçirmişlər.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in Hüquq, Təhlükəsizlik idarələrinin, müvafiq şöbələrinin nümayəndələri jurnalistlərlə birlikdə “Binəqədi Oyl” əməliyyat şirkətinin istifadəsinə verilən 2-ci mədəndə, Balaxanı NQÇİ-nin istifadəsində olan 8-ci mədəndə və Ramana qəsəbəsində olmuşlar. Qeyd olunmuşdur ki, bu ərazilərdə qanunsuz tikililər hasilat işinin aparılmasına çətinlik törətməklə yanaşı, ekoloji və təhlükəsizlik baxımından da yolverilməzdir. Burada mövcud texnologiya ilə çıxarıla biləcək neft ehtiyatı 5 milyon tondan çoxdur. Ərazidə yüksəktəzyiqli qaz və neft kəmərlərinin üstündə, buruqların mühafizə zonasında evlər tikilir. Eyni zamanda bildirilmişdir ki, bu ərazilər vətəndaşlara əsasən bələdiyyələr tərəfindən verilmişdir. Bunun üçün də ARDNŞ-ə məxsus torpaqları qanunsuz olaraq əhaliyə satdığına görə Bakının bəzi bələdiyyələri şirkət tərəfindən məhkəməyə verilmişdir.
Sonra monitorinqin nəticələri ilə əlaqədar ARDNŞ-də mətbuat konfransı keçirilmişdir. ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov demişdir ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu gün də vətəndaşlar tərəfindən şirkətin hesabında olan mədən ərazilərində qanunsuz tikinti işləri aparılır. Şirkət tərəfindən mədən torpaqlarında qanunsuz tikililər aparılmasına qarşı mübarizə son vaxtlar nə qədər gücləndirilsə, belə cəhdlərin qarşısı nə qədər qətiyyətlə alınsa da, oxşar faktlar getdikcə artmaqda davam edir.
Yaşayış olan heç bir evin sökülmədiyini xüsusi vurğulayan E.Orucov əlavə etmişdir ki, hazırda ARDNŞ tərəfindən mədən ərazilərində yeni qanunsuz tikinti işlərinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bundan başqa, içərisində yaşayış olan qanunsuz tikililərlə əlaqədar ARDNŞ əvvəlcə qanunla nəzərdə tutulmuş qaydada özbaşına tikililərin sökülməsi və ərazilərin boşaldılması tələbi ilə müvafiq məhkəmə iddiaları qaldırır. İndiyədək ARDNŞ və onun struktur təşkilatları tərəfindən ayrı-ayrı vətəndaşlara qarşı aidiyyəti məhkəmələrə 12 minə yaxın iddia verilmişdir. Həmin iddiaların böyük bir qismi ilə bağlı məhkəmə qərarlarının olduğunu diqqətə çatdıran E.Orucov demişdir ki, “Binəqədi Oyl” əməliyyat şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikililərin sökülməsi tələbi ilə Binəqədi rayon məhkəməsinə daha 8 min iddianın verilməsi nəzərdə tutulmuşdur. Həmçinin məhkəmələrin çıxardığı qərarlar icra olunmaq üçün müvafiq ədliyyə orqanlarına göndərilir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara da aydınlıq gətirilmiş və vurğulanmışdır ki, hazırda ARDNŞ qarşısında duran ən mühüm məsələ mədən ərazilərindəki yeni tikililərin qarşısının alınmasıdır.