REGİONLAR
Həmrəylik və multikultural dəyərlərə sədaqət bəşəriyyətin nicat yoludur VİDEO
Sumqayıt, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
“Həmrəylik, multikultural dəyərlərə sədaqət bəşəriyyətin nicat yoludur” - bu fikir aprelin 28-də Sumqayıt Dövlət Universitetində keçirilən elmi–nəzəri konfransın leytmotivini təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Gücümüz həmrəyliyimizdədir” adlı konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
“İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan universitetin prorektoru Ramiz Hüseynov İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllü sırasında Sumqayıt Universitetinin tələbələrini görməkdən məmnun olduğunu bildirib, konfransın təşkilatçılarına minnətdarlıq edib.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxışında 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi qurumun İslami dəyərlərə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair davamlı təbliğat-təşviqat işləri apardığını deyib.
“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva bu Oyunların Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb. Həmçinin İslam Oyunlarının tarixi, proqrama daxil edilən idman növləri, iştirakçı ölkələr, yarışların keçiriləcəyi məkanlar, Əməliyyat Komitəsinin iş prinsipləri haqqında məlumat verib. Bildirilib ki, gələn həftədən başlayaraq Azərbaycana gələcək 57 ölkənin nümayəndə heyətlərini qarşılamaq üçün hazırlıqlar görülür.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov qeyd edib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır. Bu, eyni zamanda, Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, ölkəmizin İslam dünyasının vəhdətinə verdiyi önəmi göstərir.
Digər çıxışlarda multikulturalizm və İslam həmrəyliyi ideyalarının əhəmiyyəti vurğulanıb, ekstremizm, radikalizm, terrorizm, separatizm, ksenofobiya, islamofobiya təzahürlərinə qarşı birgə mübarizənin vacibliyi qeyd olunub. Tədbir iştirakçıları dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini bu istiqamətdə əməkdaşlığa səsləyiblər.
Daha sonra İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.