SİYASƏT
“HƏRBİ QULLUQÇULARIN STATUSU HAQQINDA” QANUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir. İclasda bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılmışdır. Komissiyanın sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” məlumat vermişdir. Bildirmişdir ki, sənədə əsasən səkkiz mövcud qanuna, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavələrin və dəyişikliklərin edilməsi təklif olunur. Qanunun hərbi qulluqçuların mənzillə və ya torpaq sahəsi ilə təmin olunmasına dair təklif olunan maddəsində deyilir ki, Silahlı Qüvvələrdə 15 il və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan, yaşayış sahəsi olmayan, müxtəlif səbəblərdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular müvafiq icra orqanı tərəfindən evlə təmin oluna və yaxud da bələdiyyələrdən fərdi ev tikintisi üçün pulsuz torpaq ala bilərlər.
Deputatlar bu prosesin tənzimlənməsində müəyyən çətinliklərin olduğunu, əlavə və düzəlişlərdən sonra həmin problemin aradan qaldırılacağını bildirmişlər.
Sonda qanun layihəsinin parlamentin ümumi iclasında müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.