REGİONLAR
Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir
Sumqayıt, 20 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına əsasən Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov konfransda çıxış edərək Azərbaycan gənclərinin bugünkü uğurlarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulanıb ki, müstəqillik əldə edildikdən sonra ölkədə gənclər siyasətinin təkmilləşdirilməsi sahəsində bir sıra qanunvericilik aktları qəbul edilib, hüquqi baza formalaşdırılıb.
Qeyd edilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Sumqayıt gəncliyinin də inkişafında mühüm rol oynayır. Sumqayıtlı gənclərin hərtərəfli inkişafı üçün şəhərdə hər cür şərait yaradılıb, Gənclər Evi, idman, şahmat, musiqi məktəbləri, idman kompleksləri tikilib istifadəyə verilib. Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi işləri uğurla aparılır.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov sumqayıtlı gənclərin əldə etdiyi uğurlardan danışıb.
İdmançılar adından çıxış edən ikiqat Paralimpiya və dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev sumqayıtlı gənclərin ötən illərdə qazandıqları idman uğurlarından söz açıb. Bildirib ki, I Avropa Oyunlarında 3-ü qızıl, 1-i gümüş olmaqla 4 medal, İslam Həmrəyliyi Oyunlarında isə 4-ü qızıl, 3-ü gümüş, 7-si bürünc olmaqla 14 medal Sumqayıt idmançılarının payına düşüb.
Konfransa iştirak edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Natiq Əliyev dövlət gənclər siyasətindən, əldə olunan uğurlardan söz açıblar.