DÜNYA
Hindistanda 39 nəfər soyuqların qurbanı olmuşdur
Bakı, 21 dekabr (AZƏRTAC). Hindistanın şimal və şərq regionlarında havaların soyuq keçməsi 39 nəfərin ölümünə səbəb olmuşdur.
Gecələr bütün evsizlərin isti sığınacaqlarla təmin olunması barədə sərəncam vermiş ölkənin Ali Məhkəməsinin qərarı da insan tələfatının qarşısını ala bilməmişdir.
Təkcə ötən gün Pəncab və Xaryana ştatlarının 11 sakini temperaturun aşağı düşməsinin qurbanı olmuşdur. Bu ştatlarda termometrin civə sütunu Selsi ilə 3,9 dərəcədən yuxarı qalxmamışdır.
Ölkənin şərqində yerləşən Bihar ştatında da havalar isti keçmir: orada soyuqların düşməsi üzündən məktəblərdə dərslər müvəqqəti dayandırılmışdır.
Cammu və Kəşmir ştatlarında da qış sərt keçir: yüksək dağlıq Kargil rayonunda ölkə üzrə ən aşağı temperatur - mənfi 12 dərəcə qeydə alınmışdır.
Ştatın paytaxtı Srinaqar şəhərində havanın temperaturu sıfırdır. Amma bu temperaturda su donduğuna görə su kəmərləri işləmir.
Soyuq hava kütlələri Hindistanın paytaxtına doğru hərəkət edir.
Nyu-Dehli səhərini sıx duman bürümüşdür. Bu səbəbdən meqapolisdə həyat iflic olmuşdur.
Yerli aeroportda aviareyslərin çoxu ləğv edilmişdir. Son günlər sərnişin qatarlarının 40 faizi paytaxt vağzallarına vaxtından xeyli gec gəlib çatmışdır.