İQTİSADİYYAT
İdxal-ixrac əməliyyatlarında yeni qaydalar tətbiq olunacaq
Bakı, 9 avqust (AZƏRTAC). Dövlət Gömrük Komitəsində (DGK) idxal-ixrac əməliyyatları ilə bağlı qəbul olunmuş yeni qaydaların tətbiqinə dair müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə əsasən Gömrük Məcəlləsi ilə müəyyən olunmuş yeni norma və mexanizmlərin yerinə yetirilməsi məsələlərinə baxılıb. Bildirilib ki, yeni qanunvericiliyin tələbləri ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına əhəmiyyətli zəmin yaradacaq.
Tədbirdə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda müəyyən olunmuş bəyannamələrin yeni formaları və onların təqdim edilməsi qaydaları açıqlanıb. Həmçinin nəqliyyat vasitələrinin fiziki şəxslər tərəfindən müvəqqəti gətirilməsi ilə əlaqədar müəyyən olunmuş müddətlərə riayət edilməsi və yol verilən qayda pozuntularının aradan qaldırılması üçün görülən tədbirlər barədə məlumat verilib.