SİYASƏT
İƏT PA-nın birinci iclasında təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaqdır
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistana səfər edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər iki gün davam edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
İslamabad şəhərində keçiriləcək İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul ediləcək və bir sıra təşkilatı məsələlərə baxılacaqdır.
Milli Məclisin sədri Oqtay Əsədov tədbirdə çıxış edərək təşkilata üzv dövlətlər arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi barədə fikirlərini bildirəcəkdir.
Səfər çərçivəsində O.Əsədovun toplantıda iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur. Görüşlərdə parlamentlərarası əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.