MƏDƏNİYYƏT
İki cilddən ibarət “Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar” kitabı çapdan çıxmışdır
Bakı, 20 dekabr (AZƏRTAC). Tanınmış ədəbiyyatşünas alim, tənqidçi-publisist, filologiya elmləri doktoru, professor, Əməkdar Jurnalist Şamil Vəliyevin müəllifliyi ilə iki cilddən ibarət “Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar” kitabı işıq üzü görmüşdür.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, birinci cilddə (1985-2000-ci illər) XX əsr Azərbaycan tənqidində klassik poeziya, eyni zamanda, yeni şeir haqqında estetik konsepsiyanın formalaşması məsələləri öz əksini tapır. İkinci cild (2000-2010-cu illər) dövri mətbuatda çıxan materialları əhatə edir.
Kitablara, həmçinin professor Ş.Vəliyevin müxtəlif illərdə nəşr olunmuş monoqrafiya, portret-oçerk, elmi-nəzəri və publisistik məqalə, resenziya, müsahibə, məktub və şəxsi arxivindən seçmələr daxildir. Bu əsərlərdə mətbuat və jurnalistikanın dünəni və bu günü haqqında söhbət açılır, ədəbi tənqid və poeziya barədə araşdırmalar əsaslı yer tutur, zəngin fakt, hadisə, şəxsiyyət və problemlər kontekstində irs-varislik əlaqələri tədqiq olunur.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, toplayıb nəşrə hazırlayanlar isə filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova, Afaq Sadıqova və Nülufər Vəliyevadır.