MƏDƏNİYYƏT
İkinci Daşkənd Beynəlxalq Biennalesində Azərbaycan da iştirak edib
Daşkənd, 15 noyabr, АZƏRTAC
Özbəkistanın paytaxtında “İnsan-ətraf mühit-incəsənət” adlı ikinci Beynəlxalq Daşkənd Biennalesi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.
Daşkənddəki İncəsənət Akademiyasının təşəbbüsü ilə keçirilən biennaleyə Özbəkistandan başqa Azərbaycan, Almaniya, İtaliya, İran, Böyük Britaniya, Yaponiya, Rusiya, Banqladeş, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn rəssamlar, sənətşünaslar, tətbiqi incəsənət sahəsinin mütəxəssisləri qatılıb.
Dörd gün keçirilən festivalda ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Bakıdan gələn rəssam İnna Kostina təmsil edib.
AMM tərəfindən hazırlanan sərgidə xalçalarımız Qarabağın milli qadın və kişi geyimləri, milli musiqi alətləri, İnna Kostinanın isə “Kəlağayı” kolleksiyası nümayiş etdirilib, eksponatlar iştirakçıların marağına səbəb olub.
Biennale çərçivəsində seminarlar, elmi-praktik konfranslar da keçirilib, tədbirlərdə sənətşünaslar, kulturoloqlar, muzey işçiləri, Özbəkistanın və xarici ölkələrin alimləri və tələbələr iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd