İlyas Əfəndiyevin pyesləri teatr sənətimizdə yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır
Bakı, 16 mart (AZƏRTAC). Martın 16-da Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, ziyalılar, mətbuat nümayəndələri iştirak etmişlər.
Mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoyduğunu demişdir. Bildirilmişdir ki, ədib bütün yaradıcılığı boyu azərbaycançılıq ideyasını, xalqımızın zəngin mənəviyyatını təbliğ edən və ona yeni çalarlar qazandıran əsərlər yazmışdır.
Nazir qeyd etmişdir ki, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İ.Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ədibin təltif olunması və yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. Bu diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İ.Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Xalq Artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova, Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, Xalq Şairi Zəlimxan Yaqub, kitabın tərtibçisi və redaktoru, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi, yazıçının nəvəsi Günay Əfəndiyeva bildirmişlər ki, İlyas Əfəndiyev milli ədəbiyyatın, estetik fikrin inkişafında əvəzsiz xidmətləri olmuş istedadlı dramaturq kimi şöhrət qazanmışdır.
Vurğulanmışdır ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturq İ.Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir incilərindən olan, yüksək vətəndaşlıq pafosu, incə lirizmlə aşılanan pyesləri teatr sənətimizdə yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında, nəfis tərtibatda nəşr olunan “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının ilk səhifəsində ümummilli lider Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri əks olunmuşdur. Nəşrdə tərtibçi-redaktor G.Əfəndiyevanın “Ön söz”ü, Xalq Yazıçısı Elçinin “Şeirə sığmayan ömür” məqaləsi verilmiş, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və məhəbbətlə həsr etdikləri şeir nümunələri, tanınmış şəxslərin ürək sözləri, eləcə də rəsm əsərləri, qiymətli fotoşəkillər, illüstrasiyalar, teatr eskizləri daxil edilmişdir.
Mərasimdə İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə film göstərilmiş, ədibə həsr olunmuş şeirlər səsləndirilmiş, Azərbaycanın xalq və bəstəkar mahnıları ifa edilmişdir.
######
