CƏMİYYƏT
“İNSAN ALVERİNDƏ TƏQSİRLƏNDİRİLMİŞ MƏHKUM QADINLARIN CƏMİYYƏTƏ İNTEQRASİYA PROSESİNDƏ SOSİAL-PSİXOLOJİ VƏ HÜQUQİ PROBLEMLƏR” LAYİHƏSİNİN İCRASINA BAŞLANILMIŞDIR
Bakı, 4 may (AZƏRTAC). “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “İnsan alverində təqsirləndirilmiş məhkum qadınların cəmiyyətə inteqrasiya prosesində sosial-psixoloji və hüquqi problemlər” layihəsinin icrasına başlamışdır.
Birlikdən bildirmişlər ki, layihə çərçivəsində mayın 1-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum qadınlar üçün treninq keçirilmişdir.
Tədbirdə iştirak edən ictimai birliyin sədri Xanım Əhmədzadə şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan insan alverinin səbəb və nəticələri, layihənin məqsədi və icrası ilə bağlı məlumat vermişdir.
Çıxış edənlər insan alverində təqsirləndirilmiş məhkum qadınların cəmiyyətə inteqrasiyası, bu proses zamanı yaranan sosial-psixoloji problemlərin həlli yolları mövzusundan danışmış, məhkum qadınların sosial reabilitasiya və cəmiyyətə inteqrasiyalarının vacib olduğunu bildirmışlər.
Tədbir zamanı məhkum qadınlarları mövzu ilə bağlı narahat edən və maraqlandıran problemlərın həlli, hüquqi müdafiəyə ehtiyacı olanlara yardım göstərilməsi, onların azadlığa çıxmasına hazırlıq məsələləri müzakirə olunmuşdur.