CƏMİYYƏT
İnsan orqanının satılmasına dair elan vermiş şəxslər polis tərəfindən saxlanılmışlar
Bakı, 27 iyun (AZƏRTAC). Bir müddət əvvəl metronun “Qara Qarayev” stansiyasının çıxışında böyrək satılmasına dair elanların vurulması barədə müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış informasiya cəmiyyət arasında narahatlığa səbəb olmuşdur.
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılmışlar.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildirmişlər.
Həmin şəxslər əməllərindən səmimi peşmançılıq keçirmiş, etdikləri hərəkətlərə görə üzr istəmişlər.