DÜNYA
İordaniya parlamenti seçkilərində səsvermə qismən başa çatıb
Əmman, 20 sentyabr, AZƏRTAC
İordaniyanın bir neçə seçki dairəsində yerli vaxtla saat 19:00-da ölkənin qanunverici orqanına - 18-ci çağırış Nümayəndələr Palatasına ümumi seçkilərdə səsvermə başa çatıb. Yerdə qalan seçki dairələrinin fəaliyyət müddəti bir saat uzadılıb.
İordaniya Müstəqil Seçki Komissiyasının rəsmi nümayəndəsi Cihad al-Momani mətbuat konfransında bildirib ki, axşam vaxtı səs vermək istəyənlərin artması nəzərə alınaraq, bir neçə seçki dairəsində iş müddəti bir saat uzadılıb. Onun sözlərinə görə, seçicilərin axını davam edərsə, komissiya bir neçə seçki məntəqəsinin bağlanma vaxtını daha bir saat uzada bilər.
Dövlət Televiziyası Müstəqil Seçki Komissiyasının ilkin məlumatına istinadla xəbər verir ki, yerli vaxtla saat 19:30-dək krallığın bütün ərazisində 1,5 milyon vətəndaş səs verib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman