SİYASƏT
İordaniyanın Əl-Uruba informasiya agentliyi Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə bağlı məqalə yaymışdır
Əmman, 11 fevral (AZƏRTAC). İordaniyanın Əl-Uruba informasiya agentliyinin saytında jurnalist, siyasi xadim Sultan Əl-Həttabın “Naxçıvan təcriddən çıxaraq müasir sivilizasiyada öz yerini tutmuşdur” adlı məqaləsi yerləşdirilmişdir.
Müəllif məqaləni Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə yazdığını bildirir. Məqalədə Naxçıvanın qədim tarixindən, təbii sərvətlərindən, strateji mövqeyindən, eləcə də Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi ölkə müstəqilliyinin qorunub saxlanmasında oynadığı mühüm roldan bəhs edilir.
Tarix boyu erməni işğalçılarının Azərbaycanın bu qədim diyarına olan iddialarından, apardıqları soyqırımı və işğalçılıq siyasətindən bəhs edən S.Həttab Naxçıvanın XX əsrin əvvəllərində muxtariyyət əldə etməsi yolunda qarşılaşdığı çətinlikləri qeyd etmişdir. Moskva və Qars müqavilələrinin Naxçıvan üçün əhəmiyyətindən yazan müəllif Azərbaycanın tərkib hissəsi kimi muxtariyyətin əldə edilməsini ən böyük diplomatik uğur kimi qiymətləndirmişdir.
Özünün də Naxçıvanda olduğunu bildirən S.Həttab şəxsi təəssüratlarını oxucularla bölüşür, yerli insanların qonaqpərvərliyini, eləcə də muxtar respublikanın rəhbərliyi ilə görüşlərini qeyd edir.
Məqalənin tam mətni ilə http://orobanews.com/index.php/arab-and-international/12693 linkində tanış olmaq mümkündür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman