MƏDƏNİYYƏT
İpək Yolunda turizm üzrə VI Beynəlxalq görüşdə Azərbaycan nümayəndəsinin çıxışı böyük maraq doğurmuşdur
Bakı, 5 avqust (AZƏRTAC). Avqustun 1-dən 3-dək Çin Xalq Respublikasının Qansu əyalətinin Dunxuan şəhərində Dünya Turizm Təşkilatının (DTT) Çinin Milli Turizm Administrasiyası ilə birgə təşkil etdiyi İpək Yolunda turizm üzrə VI Beynəlxalq görüş keçirilmişdir.
İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və DTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə təşkil olunan növbəti tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq tədbirdən əvvəl N.Səmədov ilə DTT-nin baş katibi Taleb Rifai arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə İpək Yolunda turizmin inkişafı, layihə çərçivəsində indiyədək görülmüş işlər, Azərbaycan turizminin son illərdə əldə etdiyi inkişaf təcrübəsinin İpək Yolu regionunun digər ölkələrində də tətbiq imkanları müzakirə olunmuşdur.
N.Səmədov, həmçinin “Moqao Qrand Otel”də Qansu əyalətinin hökumət rəhbərləri ilə görüşdə iştirak etmişdir.
Görüşdə DTT-nin baş katibi Taleb Rifai, təşkilatın icraçı direktoru Zoltan Somogi, İpək Yolu proqramının meneceri Alla Peressolova, Qansu əyalətinin xarici işlər idarəsinin direktoru Çen Vayjonq, Tacikistanın Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nemətov, Dunxuan şəhərinin bələdiyyə sədrinin müavini Li Jin Yin və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.
Avqustun 1-də tədbirin açılış mərasimində əvvəlcə Taleb Rifai çıxış etmişdir. Daha sonra çıxış edən nazir müavini Nazim Səmədov əvvəlcə Çin xalqına və xüsusilə zəlzələnin baş verdiyi Qansu əyalətinin əhalisinə başsağlığı vermişdir.
N.Səmədov Azərbaycanın milli turizm strategiyası, onun yaxın və uzaq gələcəkdə gətirəcəyi potensial bəhrələr, o cümlədən Azərbaycanın İpək Yolu turizmində oynadığı vacib roldan və perspektivlərindən danışmışdır.
Sonra nazir müavini Çinin “The Travel Channel” televiziyasına müsahibə vermişdir. N.Səmədov müsahibəsində əsasən Azərbaycan və Çin Xalq respublikaları arasında turizm sahəsindəki mövcud əməkdaşlıq, viza prosedurları və gələcək planlarla bağlı məsələlərə toxunmuşdur.