SİYASƏT
İQTİSADİ SİYASƏT DAİMİ KOMİSSİYASINDA
AZƏRTAC xəbər verir ki, oktyabrın 18-də Milli Məclisin iqtisadi siyasət, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclası keçirilmişdir. İqtisada siyasət daimi komissiyanın sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə iştirakçılara məlumat vermişdir.
Əvvəlcə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi ətraflı müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanunun məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması, qarşısının alınması üçün hüquqi mexanizmin yaradılması, eləcə də bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasını təmin etməkdir. Layihədə əsas anlayışlarla yanaşı, qanunun tətbiq sahəsi, dövlətin nəzarət orqanlarının yaradılması, monitorinqlərin aparılması, valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya respublikadan çıxarılmasının monitorinqinin təşkili, müştərilərin və benefisiarların eyniləşdirilməsi, onların hüquqları və digər müddəalar əksini tapmışdır.
Sonra “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsinə baxılmışdır. Layihə barədə məlumat verən iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov demişdir ki, bu qanun xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyəcək, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili sahəsində qaydaları müəyyənləşdirəcəkdir. Nazir müavini bildirmişdir ki, bu qanunun qəbulu ölkədə iqtisadiyyatın inkişafına, rəqabətə davamlı məhsul istehsalının artmasına müsbət təsir göstərəcəkdir.
İclasda “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikasının “BNP Paribas” Səhmdar Cəmiyyəti arasında “Bakı–Şamaxı–Yevlax” avtomobil yolunun (M4-280 km) “Muğanlı–Yevlax hissəsinin (156 km) və “Yevlax–Zaqatala–Gürcüstan ilə dövlət sərhədi” avtomobil yolunun (M5–164 km) yenidən qurulması layihəsi Kredit Sazişinin təsdiq edilməsi haqqında” sazişlərin təsdiqinə dair, “Bankların sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Dövlət borcu haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Milli Məclisin 1992-ci il 29 dekabr tarixli 425 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” qanun layihələrinə də münasibət bildirilmişdir.
İclasın sonunda komissiya üzvlərinin və mütəxəssislərin rəy və təklifləri nəzərə alınmaqla qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul edilmişdir.