CƏMİYYƏT
İşçilərin sağlamlığı diqqət mərkəzindədir
Bakı, 9 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin gigiyena və epidemiologiya mərkəzi şirkətin idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşların əməyinin mühafizəsi, peşə xəstəliklərinin və peşə zəhərlənmələrinin qarşısının alınması, kütləvi qida zəhərlənmələrinin əmələ gəlməsinin və yayılmasının profilaktikası, sanitariya qaydalarına riayət olunması və əks-epidemik rejimə əməl edilməsi sahəsində xidmət göstərir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən dövr ərzində həyata keçirilən tədbirlər nəticəsində neftçilər arasında peşə xəstəlikləri, kütləvi yoluxucu xəstəliklər qeydə alınmayıb. Mərkəzdə mütəmadi olaraq laborator-instrumental müayinələr aparılır, içməli suyun sanitar-kimyəvi və bakterioloji göstəricilərinə, yeməkxanalarda ərzaq məhsullarının kalori və keyfiyyətinə, gigiyenik tələblərə uyğun olmasına, yeməklərin hazırlanma ardıcıllığına və texnologiyasına ciddi nəzarət edilir.
Zərərli istehsalat amilləri ilə təmasda olan işçilər müntəzəm şəkildə yüksək ixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinə olunurlar. Gigiyena və epidemiologiya mərkəzi ARDNŞ-in idarə, müəssisə və təşkilatları ilə əlaqəli fəaliyyət göstərərək, planlı şəkildə dezinseksiya, deratizasiya və dezinfeksiya tədbirləri həyata keçirir. Keyfiyyətli profilaktik tədbirlər nəticəsində platforma və özüllərdə həşəratlar və gəmiricilərlə bağlı olan şikayətlər aradan qaldırılıb. Mərkəzin peşəkar həkimləri işçilər arasında vaxtaşırı olaraq sanitariya-gigiyeniya sahəsində maarifləndirmə işi aparırlar.