İDMAN
İsmayıllıda gənc velosipedçilərin rayon birinciliyinin qalibləri mükafatlandırılıb
İsmayıllı, 22 iyul (AZƏRTAC). İsmayıllıda gənc velosipedçilərin Gənclər və İdman Nazirliyinin yaradılmasının 20-ci ildönümünə həsr edilmiş rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 30 velosipedçi birincilik uğrunda mübarizə aparıb.
Yarışlara Heydər Əliyev adına parkdan start verilib və turnirə orada da yekun vurulub. Rayonun çoxsaylı idman həvəskarının izlədiyi yarışda finiş xəttinə ən tez gənc velosipedçi Çingiz Abdiyev çatıb. Finiş xəttini ikinci Tərlan Əhmədli, üçüncü isə Rövşən Osmanlı keçiblər.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri verilib.
Qeyd edək ki, son vaxtlar İsmayıllı rayonunda velosiped idmanına maraq xeyli artıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və 28 May-Respublika Günü münasibətilə rayonda keçirilən veloyürüşdə 80-100 nəfərədək həvəskar iştirak edib.