MƏDƏNİYYƏT
İstanbul Universitetində “Əhməd Baytursunoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
İstanbul Universitetində TÜRKSOY-un təşkilatçılığı ilə Əhməd Baytursunoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş “Əhməd Baytursunoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Qazaxıstanın və türkdilli ölkələrin diplomatik korpusunun nümayəndələri, İstanbul Universitetinin rektoru Mahmud Ağ, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn türkoloqlar və alimlər də iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti səlahiyyətlərini icra edən vitse-prezident Füzuli Məcidli Əhməd Baytursunoğlunun türk dünyasının dövlətçilik və siyasi sisteminin inkişafında apardığı islahatlardan, türk dünyasının mənəvi aləminin zənginləşməsində onun əsərlərinin rolundan, qazax dilinin qorunması üçün apardığı mübarizədən, eləcə də liderlik xüsusiyyətlərindən danışıb. O qeyd edib ki, Əhməd Baytursunoğlu Alaş Orda hökumətində işləməklə bərabər, həm də türk dünyasının birləşməsi ideyasını və Türküstan ideyasının yayılması üçün böyük töhfələr verib. Onun Türk Birliyinin yaranması üçün mübarizəsindəki baxışları və ideyaları Başkırdıstanın lideri Zəki Validi Toğanın, Azərbaycanın siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin ideyaları və fikirliləri ilə üst-üstə düşüb. O həmçinin qırğız ziyalıları və xalqı ilə çiyin-çiyinə işləyib. Türk millətinin parlaq nümayəndələri İşanalı Arbayevin, Qasım Tınıstanovun, Qalımcan İbrahimovun yaxın silahdaşı olub.
TÜRKSOY-un sədri Sultan Rayev də öz çıxışında Əhməd Baytursunoğlunun türk dünyasının birliyi üçün yazdığı, lakin həyata keçirə bilmədiyi ideyalarının bu gün də əhəmiyyətli olduğunu bildirib.
Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çap olunan araşdırmaçı alim Reyhan İmaxanbetanın “Əsrin adamı” və “Əhməd Baytursunoğlu. Seçilmiş əsərləri” (qazax, türk, ingilis, rus dilində) kitablarının təqdimatı olub. Əhməd Baytursunoğlunun həyat və yaradıcılığından bəhs edən kitab sərgisi və “Qazax sivilizasiyası və Əhməd Baytursunoğlu” videoroliki də qonaqlar tərəfindən maraqla qarşılanıb.