ELM VƏ TƏHSİL
İstanbulda keçiriləcək “ICTPE -2013” Beynəlxalq konfransında Azərbaycan alimləri də iştirak edəcəklər
Bakı, 7 sentyabr (AZƏRTAC). Sentyabrın 9-dan 11-dək Türkiyənin İstanbul şəhərindəki İşıq Universitetində IX “ICTPE -2013 Beynəlxalq konfransı keçiriləcəkdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Elektrik-elektronika mühəndisliyində texniki və fiziki problemlər” mövzusunu əhatə edəcək konfransda yeddi ölkədən alimlər, on universitetdən və elmi təşkilatdan professorlar iştirak edəcəklər.
Konfransda Türkiyə, Norveç, İran, Rumıniya, İspaniya və Şimali Kiprin tanınmış universitetlərinin rektorları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də çıxış edəcəklər.
Konfransda enerji sistemləri, elektrik-elektronika, kompyuter və informasiya texnologiyaları, telekommunikasiya sistemləri, yenilənə bilən enerji mənbələri, mühəndislik və s. mövzularda məsələlər müzakirə ediləcək, məruzələr dinləniləcəkdir.