İQTİSADİYYAT
İTALİYA VƏ AZƏRBAYCAN NAZİRLİKLƏRİ ARASINDA SOSİAL SAHƏDƏ ƏMƏKDAŞLIQ HAQQINDA NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR
İtaliyanın əmək və sosial siyasət naziri Roberto Maroni əmək, məşğulluq, əməyin mühafizəsi, sosial xidmət kadrlarının hazırlanması və yenidən hazırlanması sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədi ilə Bakıya rəsmi səfərə gəlmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bidirmişlər ki, dekabrın 9-da nazir Əli Nağıyev cənab Roberto Maroni və onu müşayiət edən şəxslərlə görüşmüşdür. Əli Nağıyev nümayəndə heyətinin ölkəmizə səfərini İtaliya ilə Azərbaycan arasında münasibətlərin inkişafına sübut kimi səciyyələndirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yerlərindən didərgin düşmüş qaçqınların ağır vəziyyəti barədə qonaqlara ətraflı məlumat verdi, əhalisinin hər səkkiz nəfərindən biri qaçqın və ya məcburi köçkün olan ölkəmisdə sosial problemlərin həllinin vacibliyini vurğuladı. Nazir dedi ki, sosial problemlərin həllində ölkəmizin dünya birliyinə inteqrasiyası mühüm rol oynayır və bu inteqrasiya Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə daha dinamik xarakter almışdır.
İtaliyanın əmək və sosial siyasət naziri bildirdi ki, səfir Marqarita Kostadan aldığı məlumat sayəsində Azərbaycanda aparılan islahatlar barədə ətraflı xəbəri vardır. Qonaq vurğuladı ki, iki ölkə nazirliklərinin rəhbərləri arasında keçirilən görüşlər əmək və sosial siyasət sahəsində əməkdaşlığın inkişafına kömək edir. Roberto Maroni İtaliya ilə Azərbaycan arasında digər sahələrdə də əməkdaşlığa dair sazişlər imzalanmasının əhəmiyyətini də nəzərə çarpdırdı.
Görüşün sonunda Əli Nağıyev və Roberto Maroni nazirliklər arasında əməkdaşlıq barədə niyyət protokolu imzaladılar.