SİYASƏT
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Azərbaycan-İtaliya tərəfdaşlığına dair videoreportaj yayımlanıb
Roma, 19 oktyabr, AZƏRTAC
İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Askanews” xəbər agentliyi Məmməd Əhmədzadənin Azərbaycanın İtaliyada səfiri vəzifəsində fəaliyyətini başa vurması ilə əlaqədar həmin mətbuat orqanına verdiyi müsahibə əsasında videoreportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə M.Əhmədzadə son illərdə Azərbaycan və İtaliya arasında münasibətlərdə baş vermiş mühüm hadisələr barədə danışıb, bu xüsusda Prezident İlham Əliyevin İtaliyaya dövlət və işgüzar səfərlərinin, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin həyata keçirildiyini, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını təsdiq edən Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalandığını bildirib.
Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycana göstərdiyi həmrəylik, o cümlədən müharibədən dərhal sonra Avropadan ilk olaraq İtaliyanın hökumət və parlament nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdiyindən danışan diplomat TAP qaz boru kəmərinin fəaliyyətə başladığını, son illərdə Azərbaycanın İtaliyanın ən böyük xam neft təchizatçısı və aparıcı təbii qaz təchizatçısına çevrildiyini, çoxsaylı italyan şirkətlərinin ölkəmizdə mühüm layihələrə cəlb olunduğunu, ticarət dövriyyəsində rekord nəticələrin əldə edildiyini bildirib.
M.Əhmədzadə iki ölkə arasında mədəniyyət əlaqələrinin, xalqlararası təmasların daha da güclənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun töhfələrindən danışıb, Romada Azərbaycan Mədəniyyət Mərkəzinin, Bakıda isə İtaliya-Azərbaycan Universitetinin yaradılmasının iki ölkə arasında humanitar əlaqələrin daha da genişləndirilməsində mühüm hadisələr olduğunu deyib.
Videoreportajda Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya sonuncu işgüzar səfəri vaxtı keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər, o cümlədən Roma şəhərində Azərbaycan Respublikasının səfirliyinin yeni binasının açılışı mərasimi barədə videokadrlar nümayiş etdirilib.
“Askanews” xəbər agentliyinin hazırladığı videoreportaj İtaliyanın bir sıra digər mətbuat orqanları, o cümlədən “il Sole 24 Ore”, “Libero Quotidiano”, “Notizie Yahoo”, “Quotidiano Nazionale”, “Tiscali Notizie”, “Tiscali TV”, “Dailymotion”, “Timgate”, “MSN”, “Notizie.it”, “Vistosulweb”, “Il Giornale d’Italia” və sair tərəfindən də yayılıb.
Roma