SİYASƏT
İxtisaslaşdırılmış kursların sonuncu günü seçki prosesində vacib olan məsələlərin müzakirəsi ilə yadda qalmışdır
Ağstafa, 7 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə regionlarda keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların üçüncü-sonuncu günündə 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri qarşıdakı prezident seçkiləri ilə bağlı ətraflı təlimatlandırılmışlar.
AZƏRTAC xəbər verir ki, kursda MSK-nın nümayəndəsi Əziz Məhərrəmovun “Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, rayon prokuroru Əlirza Babayevin “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Tamerlan Eyyubovun “Prezident seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədilə təşkil olunmuş ixtisaslaşdırılmış kursların Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, respublikamızda keçirilən bütün seçkilərdə olduğu kimi, bu ilki prezident seçkilərində də obyektivliyin təmin olunması üçün hər cür şərait yaradılmışdır.
105 saylı Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda da müdavimlərə bir sıra qanunvericilik aktları, təlimatlar barədə ətraflı məlumatlar verilmiş, bəzi məsələlərə aydınlıq gətirilmişdir.