İQTİSADİYYAT
İyirmiillik fasilədən sonra Lənkəran rayonunun Göyşaban kəndinə təbii qaz verilmişdir
Lənkəran, 11 iyul (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyulun 11-də iyirmiillik fasilədən sonra Lənkəran rayonunun Göyşaban kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, Göyşaban kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 371,3 metr olan müxtəlif diametrli metal, 14 min 046,8 metr isə polietilen boru çəkilmiş, ərazidə 82 ədəd siyirtmə, 738 ədəd sayğac və tənzimləyici quraşdırılmışdır.
Bu münasibətlə kənddə keçirilən mərasimdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
R.Abdullayev ölkəmizdə qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan işlər barədə məlumat verərək Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı Sərəncam və Fərmanların əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Dövlət Proqramına uyğun olaraq ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən kənd və qəsəbələrin qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində işlərin sürətlə davam etdiyini vurğulayan R.Abdullayev bu ilin sonuna kimi respublikanın 95 faizinin qazla təmin olunacağını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçına minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki indiyədək Lənkəran rayonunun 32 yaşayış məntəqəsi təbii qazla təchiz olunmuş, bu ilin sonuna kimi daha 42 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.