DÜNYA
Kanada plastik əsginazlara keçməyə başlamışdır
Bakı, 17 noyabr (AZƏRTAC). Bu həftə Kanada hökumətinin təqdim etdiyi 100 dollarlıq əsginaz ölkədə belə materialdan hazırlanmış ilk pul vasitəsi olacaqdır. İki ildən sonra kağızı tamamilə plastik kütlə əvəz edəcəkdir.
Nazik polimer plastik təbəqədən ibarət ödəniş vasitələri orta əsrlərdən bəri mövcud olmuş kağız əsginazlardan sərfəliliyi ilə fərqlənir. Onları saxtalaşdırmaq son dərəcə çətindir. Bu pulların üstünə toz, tər və digər çirkləndirici maddələr, habelə bakteriyalar yığılmır. Plastik pulların ömrü kağız pullarınkından bir neçə dəfə uzundur. Nəhayət, onları yenidən emal etmək mümkündür.
Bütün bu üstünlüklər tamamilə polimer əsginazlara keçmiş yeddi dövlətin pul sistemində öz əksini tapmışdır. Daha təqribən 20 ölkə və region yubiley və ya eksperimental ödəniş vasitəsi kimi belə pullar buraxmışdır. İndi Kanada onlardan nümunə götürərək polipropilendən 100 dollarlıq əsginaz buraxmışdır və 2012-ci ilin martında 50 dollarlıq, bir qədər sonra isə 20 dollarlıq əsginazlar buraxmağı planlaşdırır. 2013-cü ildə isə qalan nominallar – 10 və 5 dollarlıq nominallar buraxılacaqdır.
Kanada Mərkəzi Bankının mütəxəssisi Martin Uorren demişdir ki, yeni əsginazları mühafizə üsullarından biri Kanadanın keçmiş Baş naziri Robert Bordenin portretindən sağda bucaq altında öz rəngini dəyişən holoqram olacaqdır. Bir qədər yuxarıda isə metal üzərində Bordenin simasının kiçildilmiş surəti yerləşdirilmişdir. İki müxtəlif və son dərəcə mürəkkəb hazırlanma texnologiyası qəlp pul kəsmə imkanını minimuma endirir. Cənab Uorren deyir ki, əgər qəlp pullardakı portretlər arasında azacıq fərq olsa, onu gözlə görmək mümkün olacaqdır. Bundan əlavə, əsas portretdən solda ağcaqayın yarpağının təsvirində əsginazın “gözdən itən” nominalı yerləşdirilmişdir.
Plastik pulları tərəddüd etmədən paltaryuyan maşına salınan cins şalvarların cibində saxlamaq olar. Amma mütəxəssis quruducu barabanlardan qaçmağı məsləhət görür.