İQTİSADİYYAT
Kapital Bank ötən il üzrə fəaliyyət göstəricilərini açıqlamışdır
Bakı, 8 fevral (AZƏRTAC). “Kapital Bank” ASC 2013-cü il üzrə fəaliyyət göstəricilərini açıqlamışdır.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, ötən ilin sonunda Kapital Bankın aktivləri 1 milyon 48 min 645 manat, kredit portfeli 751 min 334 manat olmuşdur. İllik ümumi gəlirləri 124 min 927 manat, ümumi xərcləri isə 103 min 626 manat təşkil etmişdir.
2013-cü il yanvarın 1-nə olan məlumata görə, bankın xalis mənfəəti 21 min 301 manata çatmışdır ki, bu da 2012-ci illə müqayisədə iki dəfə çoxdur. Ötən il ərzində məcmu kapital 164 min 474 manat, o cümlədən ödənilmiş nizamnamə kapitalı 80 min manat, cəlb edilmiş vəsaitlər 792 min 202 manat olmuşdur. Cəlb edilmiş vəsaitlərin 104 min 631 manatı fiziki şəxslərin əmanətləridir. 2012-ci illə müqayisədə məcmu kapitalında 45 faiz, nizamnamə kapitalında 60 faiz artım olmuşdur. Aktivlərin rentabelliyi (ROA) 1,60 faiz, kapitalın rentabelliyi 33,36 faiz, likvidlik əmsalı 69,83 faiz təşkil etmişdir.
İl ərzində bankın aktiv plastik kartlarının sayı 2 milyon 193 min 857-ə, bankomatlarının sayı 480-ə, POS–terminallarının sayı 473-ə çatmışdır.
Kapital Bankın 2013-cü ildə 89 filialı və 11 şöbəsi fəaliyyət göstərmişdir.