İDMAN
Kayak və kanoe üzrə dünya kuboku yarışlarının ikinci mərhələsində Azərbaycanı səkkiz idmançı təmsil edir
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə dünya kuboku yarışlarının ikinci mərhələsi başlamışdır.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycanı 8 idmançı təmsil edir. Onların 6-sı kanoe, 2-si isə kayak növündə mübarizə aparacaqdır.
Kanoeçilərimizdən Mikola Matviyçuk və Sergey Bezuqlıy ayrı-ayrılıqda birnəfərlik qayıqla, Aleksey Kupin - Taras Matviyçuk dueti ikinəfərlik qayıqla min metr məsafəyə yürüş edəcəklər.
Beş yüz metr məsafəyə yürüşə kayakçılarımızdan Aleksandr Piçugin birnəfərlik, Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti ikinəfərlik, kanoeçilərimizdən Atatoli Melnik və Mikita Sablin ayrı-ayrılıqda birnəfərlik, Aleksey Kupin - Taras Matviyçuk dueti ikinəfərlik qayıqla qatılacaqlar.
İki yüz metr məsafəyə yürüşdə kayakçılarımızdan Tamerlan Mustafayev, kanoeçilərimizdən isə Sergey Bezuqlıy və Mikita Sablin ayrı-ayrılıqda birnəfərlik qayıqla çıxış edəcəklər.
Nəhayət, 5 min metr məsafəyə kanoeçilərimizdən Mikola Matviyçuk bir nəfərlik qayıqla yürüş edəcəkdir.