MƏDƏNİYYƏT
Kitabxana “Toxuculuq, parçaçılıq” adlı videoçarx hazırlayıb
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Leyla Mikayılova “Toxuculuq, parçaçılıq” adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında təqdim edilən videoçarxda toxuculuq sənəti haqqında geniş məlumatlar yer alıb.
Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar-parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib və xalqın bədii, estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Parça istehsalı qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb. Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Məlumdur ki, XIX əsrin axırlarında ölkə iqtisadiyyatında müəyyən durğunluq yaranır. Ancaq sənətkarlıq, o cümlədən toxuculuq sənəti öz inkişafından qalmır. Hadisələrin dinamik inkişafı Rusiyada kapitalist münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verir. Kustar istehsalın bəzi sahələrində tədricən inkişaf özünü göstərir.
İlk manufaktura müəssisələri yaranır. Boyaq istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Kustar toxuculuq fabrikləri yaranır. Bu da qədim irsə malik ənənəvi naxışlı parçaların istehsalına mənfi təsir göstərir. Parçaların dekorativ həlli sadələşir… İstehsalda əsasən üç üsuldan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, mov, cecim, alaca, tətinlik, xasqırmızı parça istehsalı XX əsrin əvvəllərinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş istehsal olunub.
XIX-XX əsr Azərbaycan toxuma naxış parçalarının bəzi texniki-dekorativ xüsusiyyətləri Orta Asiya, Ukrayna və Moldova xalqlarının kustar toxumalarının bədii tərtibatında müşahidə olunub. Bu oxşarlığı xalqların yaxınlığında, sosial-iqtisadi vəziyyətlərin eyniliyində və mədəni-ticarət əlaqələri ilə bağlıdır.