MƏDƏNİYYƏT
Kitabxanada orta əsrlər Azərbaycan elmi və mədəniyyəti fəal təbliğ olunur
Bakı, 27 yanvar (AZƏRTAC). Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində orta əsrlər Azərbaycan elmi və mədəniyyəti fəal təbliğ olunur.
AZƏRTAC xəbər verir ki, kitabxananın veb-səhifəsi orta əsrlər elm və mədəniyyətinin görkəmli nümayəndələrinə dair məlumatlarla zənginləşir. Bu baxımdan Azərbaycanın dahi alimi Nəsirəddin Tusi haqqında verilmiş “Dinin və xalqın dayağı, elm dünyasının şahı” məqaləsi böyük maraq doğurur. Burada alimin həyat və yaradıcılığı, ona dünya şöhrəti gətirmiş “Əxlaqi-nasiri” əsərinin yaranma tarixi və şəraiti, riyaziyyat və astronomiyaya dair tədqiqatları haqqında geniş məlumat verilmişdir.
Məqalədə, həmçinin Nəsirəddin Tusinin tarix, fizika, tibb, musiqi və başqa sahələrə dair əsərləri haqqında da məlumat verilmişdir. Bunların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları” və başqa əsərlərin adı çəkilə bilər.
Kitabxananın veb-səhifəsində yerləşdirilmiş maraqlı məlumatlardan biri də görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaniyə həsr olunmuş “Orta əsr Azərbaycan memarlığının şah əsəri” məqaləsidir. Burada memarın yaşadığı dövr və inşa etdiyi Möminə Xatun, Yusif Küseyir oğlu türbələri, qoşa minarəli piştağ, Cümə Məscidi haqqında geniş məlumat verilmişdir. Oxucular, həmçinin memarın yaşadığı dövr, Naxçıvan memarlıq ansamblı haqqında da maraqlı məlumatlar əldə edə bilərlər.