SİYASƏT
KİV-LƏRLƏ MƏTBUAT XİDMƏTLƏRİ ARASINDA ƏLAQƏLƏR SİVİL MÜNASİBƏTLƏR ÜZƏRİNDƏ QURULMALIDIR
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 25-də Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
SAMF-nin sədri, şair Musa Yaqub bildirmişdir ki, “dəyirmi masa” bu mövzunu əhatə edən layihələr çərçivəsində ilk tədbirdir. Layihənin gerçəkləşdirilməsində məqsəd isə dövlət və özəl strukturlarda fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri ilə KİV təmsilçiləri arasında mövcud əlaqələrin pozitiv və neqativ cəhətlərini təhlil etməklə, problemləri üzə çıxarmaq və bu münasibətlərin müsbət meyilli inkişaf istiqamətlərini müəyyən etməkdir.
Bildirilmişdir ki, layihə çərçivəsində tədbirin davamı olaraq kütləvi informasiya vasitələrinin rəy sorğuları əsasında KİV-lərlə işini yaxşı quran mətbuat xidmətlərinin mükafatlandırılması prosesi də həyata keçiriləcəkdir.
Bu layihələr mətbuat xidmətləri ilə KİV-lərin münasibətlərinin normallaşdırılmasına kömək etməklə yanaşı, ölkəmizdə informasiyalı cəmiyyət üzərində yaradılan hüquqi dövlətin inkişafı prosesinə də xüsusi töhfə olacaqdır.
Fondun icraçı direktoru Vüqar Tofiqli demişdir ki, layihənin icrasını zəruri edən səbəblərdən ən başlıcası bu sahədə kifayət qədər problemlərin mövcudluğudur. Problemlər jurnalistlərin məlumat əldə etmək, informasiyaları dəqiqləşdirmək, dövlət və özəl qurumların rəhbər şəxslərindən müsahibələr, açıqlamalar almaq istəmələri, başqa sözlə, onların mətbuat xidməti qurumları ilə məcburi təması zamanı özünü göstərir. Əslində isə qanunvericiliyin tələblərinə uyğun olaraq, təkcə KİV-lər deyil, hər bir vətəndaş istənilən təşkilata müraciət edib oradan qanunla ötürülməsi qadağan olunmayan hər bir informasiyanı ala bilər.
“Dəyirmi masa”da daha sonra KİV, mətbuat xidmətləri təmsilçiləri, mütəxəssislər və hüquqşünasların layihə ilə bağlı təklifləri dinlənilmişdir.