İQTİSADİYYAT
KİV: OPEC oktyabrda gündəlik rekord həcmdə neft hasil edib
Bakı, 2 noyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr bu ilin oktyabr ayında gündəlik rekord həcmdə - 33 milyon 820 min barrel neft hasil ediblər.
AZƏRTAC xəbər verir ki, sentyabr ayında isə OPEC-in gündəlik neft hasilatı 33 milyon 394 min barrel təşkil edib.
“Reuters”in araşdırmasına görə, OPEC bu il Nigeriya və Liviyada hasilatın bərpa olunması, həmçinin İraqın istehsalı artırması hesabına yeni rekordlara imza atacaq. Hasilatın artırılması isə öz növbəsində noyabrın 30-da Vyana sammitində neft bazarının balanslaşdırılması üçün hasilatın azaldılması prosesinə mane ola bilər. Oktyabr ayında OPEC-in hasil etdiyi neftin gündəlik həcmi isə Əlcəzair görüşündə nəzərdə tutulan 32,5-33 milyon barrel hasilat hədəfinin üst həddindən 820 min barrel/gün çoxdur.
Analitiklər hasilatın 34 milyon barrelə çatacağı təqdirdə istehsalın azaldılması yox, “dondurulması” variantı üzərində anlaşma əldə olunarsa neft bazarındakı qeyri-sabitliyin yaxın 2 ildə davam edəcəyini proqnozlaşdırırlar.
OPEC-in oktyabr ayı üzrə rəsmi hesabatı isə yaxın günlərdə açıqlanacaq.