SİYASƏT
Kiyevdə yaradılmış Ukrayna Millətlər Assambleyasına həmvətənimiz Rövşən Tağıyev başçılıq edir
Kiyev, 16 noyabr (AZƏRTAC). Noyabrın 15-də Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) mətbuat mərkəzində Ukrayna Millətlər Assambleyasının təqdimat mərasimi olmuşdur.
Assambleyanı diasporumuzun liderlərindən biri olan Rövşən Tağıyev, Ukrayna Yəhudi Forumunun prezidenti Arkadi Monastırski, “Tuqan Tel tatar evi” Ümumukrayna İctimai Təşkilatının (ÜİT) prezidenti Pyotr Şarafuddinov, Ukrayna Ural Xalqları İttifaqının prezidenti Nadejda Yesimiş, “Çiriklı” Qaraçı Qadınlar Fondunun başçısı Yuliya Kondur, “Nasizmsiz Amerika” təşkilatının (ABŞ) prezidenti Leonid Bard və Ukraynanın birinci prezidenti Leonid Kravçuk təşkil etmişlər.
Tədbirdə Assambleyanın sədri, təsis şurası təsdiq edilmiş, fəaliyyətin əsas istiqamətlərinə dair qərarlar qəbul olunmuş, ölkədə yaşayan millətlərə aid məsələlər müzakirə edilmiş, onların inkişaf konsepsiyaları müəyyənləşdirilmişdir.
Bu yaxınlarda işə başlamış “Ukrayna Millətlər Assambleyası” Ümumukrayna Təşkilatı ölkə daxilində müxtəlif etnoslar arasında dostluq və həmrəyliyi möhkəmləndirmək, habelə onların hüquq və mənafelərini qorumaq vəzifəsini öhdəsinə götürür.
Bu barədə Ukrayna Millətlər Assambleyasının sədri seçilmiş Rövşən Tağıyev Ukrinformda keçirilmiş mətbuat konfransında məlumat vermişdir.
Onun sözlərinə görə, yeni təşkilat milli azlıqların müdafiəsi ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi barədə kollegial təklifləri Ukrayna Parlamentinin və hökumətinin müzakirəsinə çıxarmaq niyyətindədir. Assambleya beynəlxalq birliklərlə əməkdaşlıq yollarını da axtarıb tapacaqdır.
Tədbirdə Ukrayna Prezidenti Administrasiyasının rəsmi şəxsləri, Ali Radanın deputatları, Azərbaycan Səfirliyinin birinci katibi Sübhan Hüseynli, Ukrayna Xarici İşlər Nazirliyinin, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukraynanın və xarici ölkələrin jurnalistləri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev