İQTİSADİYYAT
Komitə rəsmisi: Peyk Nəzarət Sistemi biçin başa çatdıqdan sonra torpaqların yandırılması faktlarını da aşkarlayacaq
Bakı, 17 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
“Torpaq səthinin monitorinqi və Peyk Nəzarət Sistemi”nin işləməsi nəticəsində əhali maarifləndiriləcək, inzibati xəta halları azalacaq, gələcəkdə torpaq qanunvericiliyinin pozulma halları aradan qaldırılacaq. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda torpaqların idarə edilməsi, torpaqlardan səmərəsiz istifadə hallarının aşkarlanması, qeyri-qanuni tikililərin və kənd təsərrüfatına yararlı torpaq sahələrinin müəyyən edilməsi, kənd təsərrüfatı torpaqlarının elmi əsaslarla idarə edilməsi, təbii fəlakətlərin monitorinqinin aparılması üçün qabaqcıl Avropa ölkələrinin təcrübəsi öyrənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz Qafarov deyib.
O bildirib ki, aparılan araşdırmaların nəticəsinə əsasən, kənd təsərrüfatı üçün əkinəyararlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə ƏMDK tərəfindən torpaqların keyfiyyət göstəricilərinə uyğun qruplaşdırılaraq idarəetmə sisteminin yaradılması nəzərdə tutulur: “Bu məqsədlə Azərbaycanda həftə ərzində torpaq sahəsində olan dəyişikliklərin müəyyən edilməsi və bu sahədə mütəmadi nəzarəti təmin edən Peyk Nəzarət Sisteminin qurulması da mühüm əhəmiyyət kəsb edir. Sözügedən sistemin hazırlanmasında əsas məqsəd həftə ərzində torpaq sahəsində olan dəyişikliklərin, yəni yeni tikililərin müəyyən edilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasının aşkar edilməsi, taxılçılıq təsərrüfatlarında biçinin başa çatdıqdan sonra torpaqların yandırılması faktlarının aşkarlanması operativ mümkün olacaq”.