CƏMİYYƏT
Komitə sədri tanınmış idmançı Nəriman Abbasovla görüşüb
Bakı, 26 iyul, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü, yüngül çəkidə "AMC Fight Nights" çempionu Nəriman Abbasovla görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Komitə sədri bu ilin iyun ayında çempionluq titulu uğrunda Moskvada keçirilən "AMC Fight Nights"da növbəti parlaq qələbə qazanması münasibətilə Nəriman Abbasovu təbrik edib. Rusiya təmsilçisi Marif Pirayevlə “ilin oyunu”nun Vətənimizdə və xaricdə yaşayan soydaşlarımız tərəfindən maraqla izləndiyini söyləyən komitə sədri qonşu ölkədəki diaspor nümayəndələrinin idmançımıza güclü azarkeş dəstəyi göstərdiyini məmnunluqla qeyd edib. Soydaşlarımızın və diaspor üzvlərimizin hər zaman idmançının müxtəlif ölkələrdəki çıxışlarına mənəvi dəstək göstərməyə hazır olduqları diqqətə çatdırılıb, ona karyerasında davamlı uğurlar arzulanıb.
Təbrikə və xoş diləklərə görə minnətdarlığını bildirən Nəriman Abbasov gələcək planları ilə bağlı fikirlərini bölüşüb və bu ilin sentyabrında ABŞ-ın Las Veqas şəhərində baş tutacaq yarışa qatılacağını bildirib.
Xatırladaq ki, Nəriman Abbasov 1994-cü il fevralın 1-də Bakı şəhərində anadan olub. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlayan soydaşımız Nomad MMA N1 PRO kəmər sahibi (2014), ikiqat WMMAF versiyasında MMA üzrə dünya çempionu (2015, 2017), Dünya Kubokunun sahibi (2018), MMA üzrə Avrasiya çempionu (2015) olub. 2021-ci ildə Moskvadakı “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələrək çempion olan Nəriman Abbasov 2022-ci ildə çempionluq titulunu qoruyub və həmin vaxtdan Azərbaycanı UFC idman turnirində təmsil edir.