SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 29 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, F.Abdullayevin sədrliyi, hakimlərin, maraqlı subyektlərin qanuni nümayəndələrinin, ekspertin və dəvət olunmuş şəxslərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci, 73-cü və 74-cü maddələrində «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs» müddəasının şərh olunmasına dair Şirvan Apelyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim B.Qəribovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, iclasa dəvət olunmuş şəxslərin mülahizələrini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci, 73-cü və 74-cü maddələrində əks olunmuş «ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs» anlayışı ilk dəfə bu növ cinayətlərdən birini törətmiş və ya həmin cinayətlərdən bir neçəsini törətmiş, lakin bu əməllərə görə ona qarşı ittiham irəli sürülməmiş şəxsi nəzərdə tutur.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Bildirilmişdir ki, hakim E.Məmmədov iş üzrə xüsusi rəydə qalmışdır.