“Könüldə Nur” Xeyriyyə Cəmiyyəti ehtiyacı olan ailələrə yardımı davam etdirir
Bakı, 20 aprel, Leyla Qurbanova, AZƏRTAC
Son aylar ərzində dünyanı bürüyən koronavirus infeksiyası ölkəmizdən da yan keçməyib. Koronavirus pandemiyasının qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin yüksək səviyyədə həyata keçirdiyi tədbirlər uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığının və həyatının qorunması, əhalinin sosial müdafiəsi, eyni zamanda, iqtisadi fəallıq təmin edilir. Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə böyük razılıqla qarşılanır. Dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” çağırışından sonra ayrı-ayrı şəxslər, bəzi QHT-lər köməyə ehtiyacı olan ailələrə yardımlar etməyə başlayıb. Belə təşkilatlardan biri də “Könüldə Nur” Xeyriyyə Cəmiyyətidir.
Bir ildən artıqdır ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan bu cəmiyyət ölkəmizdə karantin elan olunan gündən Bakıda və respublikanın digər bölgələrində aztəminatlı ailələrə müxtəlif ərzaq və gündəlik tələbat malları ilə yardım edir.
Bir ay ərzində cəmiyyətin sədri, pedaqoq Könül Qasımovanın rəhbərliyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsi, Baharlı köçkün qəsəbəsi, Xındırıstan kəndi, cəbhə xəttində yerləşən Çıraqlı kəndində yaşayan tənha və ahıl insanlara, həmçinin 80 aztəminatlı ailəyə yardımlar edilib. Eyni zamanda, Gəncə şəhərində 60, Yevlax rayonunda 30, Bərdə rayonunda 145, Cəlilabad rayonunda 60, Lənkəran şəhərində 70, Masallı rayonunda 65, Ucar rayonunda 50, Kürdəmir rayonunda 55, Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə 320 ailəyə (cəmi 935 ailə) ərzaq yardımı verilib.
Gəncə şəhərində xeyriyyə kampaniyası YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin və YAP könüllülərinin dəstəyi ilə həyata keçirilib.
“Könüldə Nur” Xeyriyyə Cəmiyyətinin ehtiyacı olan ailələrə yardımları davam edir.