İQTİSADİYYAT
Kulevi terminalı əməkdaşlarının peşəkarlıq səviyyəsi ildən-ilə artmaqdadır
Bakı, 9 mart (AZƏRTAC). ARDNŞ-in Gürcüstandakı ən böyük aktivi olan Kulevi “Qara dəniz terminalı”nda yüksək bilik və bacarıqlara malik peşəkar kadrlar məsələsi daim diqqət mərkəzində saxlanılır, işçilər üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə treninq və seminarlar, xüsusi kurslar təşkil edilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əməkdaşların peşəkar səviyyəsinin artırılması və onların qabiliyyətlərindən daha səmərəli istifadə olunması üçün hər ilin sonunda terminal işçilərinin fəaliyyəti dəyərləndirilir. Dəyərləndirmə prosesi qoyulan hədəflərə çatma qabiliyyətindən tutmuş, şəxsi keyfiyyətlər və peşəkar bacarıqlar daxil olmaqla, bir çox aspektləri özündə birləşdirir və müvafiq sənədləşmədə əksini tapır. Dəyərləndirmənin yekun analizi işçinin əmək qabiliyyəti barədə ümumi fikir yaradır, çatışmazlıqları aradan qaldırmağa, işçilərin təcrübəsindən daha yaxşı istifadə etməyə və insan resurslarını daha səmərəli idarə etməyə imkan yaradır.
Terminalda 2011-ci ilin yekunlarına əsasən aparılan dəyərləndirmənin nəticələrinə görə, əməkdaşların böyük hissəsi yüksək peşəkarlıq nümayiş etdirmişdir. Bir il əvvəlki dövrlə müqayisədə işçilərin peşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu uğur terminalda işə məsuliyyətli və innovativ yanaşmanın, daimi özünütəkmilləşdirmənin və yüksək səviyyəli menecmentin nəticəsi kimi əldə olunmuşdur.