REGİONLAR
Kürdəmirdə tərəvəz məhsullarının 2 min 858 tonu istixanalarda istehsal olunub
Kürdəmir, 9 oktyabr, AZƏRTAC
Kürdəmir rayonunda bostan-tərəvəz məhsullarının istehsalı artıb.
Rayon statistika idarəsindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin doqquz ayında Kürdəmirdə 49 min 29 ton bostan, 22 min 462 ton tərəvəz məhsulları istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bostan məhsulları istehsalı 5518 ton, tərəvəz məhsulları istehsalı isə 2 min 503 ton artıb. Tərəvəz məhsullarının 2 min 858 tonu fermerlərə və fiziki şəxslərə məxsus müasir tipli istixanalarda yetişdirilib.
Qeyd edək ki, bostan-tərəvəzçilik rayonda ənənəvi təsərrüfat sahəsidir. Bölgədə yetişdirilən yemiş, qarpız, pomidor, xiyar və digər məhsullar hər ili respublikanın iri şəhərlərinə, habelə ətraf rayonların bazarlarına çıxarılır.