İDMAN
Legioner limiti İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaqdır
Bakı, 21 dekabr (AZƏRTAC). Legioner limiti ilə bağlı məsələ hər zaman müzakirə obyektidir. Hazırda ölkə çempionatında limit 8 legioner və 3 yerli futbolçu şəklində təsbit olunmuşdur. Bununla belə, AFFA yerli gənc futbolçuların daha çox və mütəmadi oynamasına şərait yaratmaq məsələsini diqqət mərkəzində saxlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına müsahibəsində demişdir. Həmçinin bildirmişdir ki, müxtəlif yaş qruplarından ibarət yığma komandaların, eləcə də millinin heyətinə cəlb olunan futboçuların seçim prosesində məşqçilərin imkanlarının genişlənməsi istiqamətində AFFA müxtəlif addımlar atır, müvafiq qərarlar qəbul edir. Yerli futbolçulara daha çox oynamaq imkanının verilməsini vacib hesab edərək düşünürəm ki, Unibank Premyer Liqasında çıxış edən hər bir klubun əsas heyətində bütün oyunlarda yaşı 21-dək olan bir futbolçu mütləq meydana çıxmalıdır. Həmin futbolçu əvəzlənəcəyi təqdirdə də, məhz yaşı 21-ə qədər olan yerli oyunçu ilə əvəzlənməlidir. Yəni, 90 dəqiqə ərzində meydanda qeyd olunan yaşda yerli futbolçu oynamalıdır. Təbii ki, bu zaman legioner limitində də dəyişiklik edilməli və limit 7+4 şəklində olmalıdır. Bu sistemin tətbiqi milli komandanın heyətinin komplektləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bildirmişdir ki, artıq üç ildir AFFA tərəfindən “Azercell U-17 Liqa” keçirilir və bu liqada çıxış edən yeniyetmələrin futbolçu kimi yetişməsi üçün onlar mütəmadi şəkildə bu və ya digər komandanın heyətində oynamalıdırlar. Ümid edirəm ki, ölkə çempionatının oyunlarında gənc futbolçuların mütləq qaydada heyətə daxil olunması ilə bağlı məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq və komitənin üzvlərinə geniş hesabat təqdim olunacaq. Bununla əlaqədar müsbət qərar çıxarılarsa, 2012-2013-cü il mövsümündə qeyd olunan sistemin tətbiqinə başlanacaqdır.