İQTİSADİYYAT
Lerikdə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir
Lerik, 12 iyul (AZƏRTAC). İyulun 12-də Lerik şəhərində “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilmişdir.
Dövlət Xidmətinin rəis müavini Araz Əliyev tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda iqtisadiyyat davamlı inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılmışdır.
Natiq təmsil etdiyi qurum tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması istiqamətində görülən inzibati tədbirlər, eləcə də istehlakçıların və sahibkarların maarifləndirilməsi sahəsində aparılan işlər haqqında məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, cari ildə nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötən, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 23 müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.
Konfransda “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələr dinlənilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.