İQTİSADİYYAT
Londonda “Azərbaycanın istifadə olunmamış imkanları: Maliyyə təsisatları nəyi bilməlidirlər?” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
London, 8 noyabr (AZƏRTAC). Böyük Britaniyanın paytaxtı Londonda Avropa Azərbaycan Cəmiyyətinin və “Baker & McKenzie” beynəlxalq hüquq şirkətinin təşkilatçılığı ilə “Azərbaycanın istifadə olunmamış imkanları: Maliyyə təsisatları nəyi bilməlidirlər?” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın və Böyük Britaniyanın aparıcı maliyyə təsisatlarının və banklarının nümayəndələri iştirak etmişlər. “Bank sektoru”, “Kapital bazarı” və “Beynəlxalq maliyyə təsisatları Azərbaycanın əsas sərmayədarı kimi” bölmələrində keçirilən konfransı açan “Baker & McKenzie” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Dan Metius ölkəmizin iqtisadiyyatının, o cümlədən enerji sektorunun sürətli inkişafından danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi, bank sistemi də dünya maliyyə təsisatlarının diqqət mərkəzindədir və bu istiqamətdə əməkdaşlıq üçün çox böyük perspektivlər vardır.
Londonun “VTB Capital” bankının nümayəndəsi Fuad Hüseynli bildirmişdir ki, Azərbaycanın bank sistemi dünya maliyyə bazarlarına uğurla inteqrasiya olunur və bu sahədə genişmiqyaslı işlər görülür.
Dövlət Neft Fondunun sərmayələr üzrə direktoru İsrafil Məmmədov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin şöbə müdiri Emin Muradov və başqaları Azərbaycanın bank sektorunun imkanlarından danışmışlar. Çıxışlarda Avropada ötən bir neçə ildə müşahidə olunan maliyyə böhranına baxmayaraq respublikamızın bank sektorunun uğurlu inkişafı diqqətə çatdırılmışdır.
Sonra müzakirələr aparılmışdır. Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, Avropa Azərbaycan Cəmiyyəti Məşvərət Şurasının sədri Lord Laird demişdir: “Böyük iqtisadi potensiala malik Azərbaycan Qərb üçün olduqca önəmli bir ölkədir. Bununla yanaşı, Azərbaycanın çox güclü insan kapitalına malik olması, yüksək intellektual səviyyəli gəncləri məni həmişə heyran edir”.
Böyük Britaniyanın “Sturgeon Capital” Sərmayə Fondunun nümayəndəsi Tako Siburq Sodersma, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Kristofer Falko, Dünya Bankının nümayəndəsi Uzma Xəlil və başqaları çıxışlarında ölkəmizin iqtisadi potensialından danışmışlar.