SİYASƏT
LONDONDA NƏŞR OLUNAN “ARAZ” VƏ “ODLAR YURDU” QƏZETLƏRİNİN NÖVBƏTİ İYUN SAYI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Bakı, 27 iyun (AZƏRTAC). Londonda nəşr olunan “Araz” qəzetinin növbəti iyun sayı işıq üzü görmüşdür. Qəzetin bu nömrəsində oxuculara Britaniyadakı azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın Londondakı son konsert proqramları və Britaniyadakı azərbaycanlıların fəaliyyəti ilə bağlı məlumatlar çatdırılmışdır.
Bundan başqa, qəzetdə Fransadakı azərbaycanlı gənclərin təşkilatlanması, Londonda məskunlaşmış Xəlilovlar ailəsinin həyat tərzi, Azərbaycana səfər etmiş ingilis tədqiqatçısı Mişelle Lausonun ölkəmizlə bağlı təəssüratları, eləcə də Britaniya mediasında Azərbaycanla bağlı dərc edilmiş son məqalələr yer almışdır.
Qəzetin yeni rubrikası isə “Əcnəbi Ailə” rubrikasıdır. Layihənin məqsədi Böyük Britaniyada məskunlaşmış müxtəlif millətlərdən olan ailələrin həyat tərzi, mədəni fərqlilikləri, qarşılıqlı münasibətlərini azərbaycanlı oxucuya çatdırmaqdır.
Qeyd edək ki, Londonda Azərbaycan dilində nəşr edilən “Araz” qəzeti 3000 tirajla çıxır və əsasən Londonda insanların (azərbaycanlı və türklərin) əldə edib oxumaları üçündür. Qəzetə dünyanın hər yerində abunə olmaq mümkündür.
Diasporla İş üzrə Dövlət komitəsindən bildirmişlər ki, Londonda nəsr olunan “Odlar Yurdu” qəzetinin də iyun nömrəsi işıq üzü görmüşdür. Bu nömrədə oxucular Böyük Britaniya və dünyanın bir sıra başqa ölkələrindəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı xəbərlərlə tanış ola bilərlər.