SİYASƏT
Macarıstan ziyalıları Litva səfirinin ölkədən çıxarılmasını tələb etmişlər
Bakı, 7 avqust (AZƏRTAC). Macarıstan ziyalılarının bir qrup nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinə məktubla müraciət etmişlər. Məktubda Litvanın bu ölkədəki səfiri Renatas Yuşkanı akkreditasiyadan məhrum etmək və onu öz vətəninə göndərmək tələb olunur. Bu məktubun rus dilinə tərcüməsi həmin müraciəti dəstəkləyən Macarıstan vətəndaşlarının imzaları ilə birlikdə AZƏRTAC-a daxil olmuşdur. Məktubun Azərbaycan dilinə tərcüməsini təqdim edirik.
Macarıstan XİN-in dövlət katibi
cənab Nemet Jolta
Hörmətli cənab Dövlət Katibi!
Bu günlərdə mətbuatda Litvanın Macarıstandakı səfiri cənab Renata Yuşka (Renatas Juška) və Şərq qonşuluğu siyasəti departamenti direktorunun müavini Zenonas Kumitaytis (Zenonas Kumetaitis) arasında telefon danışığının audioyazısı açıqlanmışdır.
Səfir R.Yuşka söhbət əsnasında demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsində erməniləri dəstəkləyir, çünki “onlar xristiandırlar və ermənilər Litvanın ərazisi kimi onların ölkəsinin ərazisini də dəyişdirmiş Stalin rejimindən zərər çəkmişlər”.
Cənab Yuşkanın buna bənzər tonda söylədiyi əvvəlki bəyanatlarını eşitdiyimiz üçün dərc olunmuş audioyazıların həqiqiliyinə şübhə etmirik və ölkəmizə səfir vəzifəsinə akkreditə olunmuş şəxsin münaqişənin bu və ya digər tərəfini dəstəkləməsini beynəlxalq hüquq normaları ilə deyil, dini mənsubiyyətlə əsaslandırmasından hiddətləndiyimizi bildiririk. Bu, orta əsrlərdə səlib yürüşləri dövrünün terminologiyasını xatırladır.
Ritorik sual: görəsən, ermənilər müsəlman, azərbaycanlılar isə xristian olsaydılar, Litva səfiri hansı tərəfi dəstəkləyərdi? Bəs nə üçün o Serbiyadan müstəqillik əldə etmək uğrunda mübarizədə Kosova albanlarını dəstəkləmişdi? O, öz ziddinə getmədən bu suallara cavabı çətin ki, məntiqi cəhətdən izah edə bilsin.
Bundan əlavə, cənab Yuşka Ermənistan-Azərbaycan münaqişəsi məsələsində öz biliklərini görünür, qeyri-akademik mənbələrdən əxz etmiş, bununla da təbliğat maşınının qurbanına çevrilmişdir. Əks halda o, Stalin rejimi illərində ermənilərin ərazi baxımından “zərər çəkdiklərini” iddia etməzdi. Litva səfiri məsələni diqqətlə öyrənsəydi, həmin illərdə zərər çəkmiş tərəfin məhz azərbaycanlılar olduqlarını görərdi. Ermənilər isə əksinə, udmuşdular. Məlumdur ki, Azərbaycanın tarixi vilayətləri olan, əhalisinin əksəriyyətini həmişə azərbaycanlılar təşkil etmiş, hətta 1918-1920-ci illər soyqırımından sonra azərbaycanlıların çoxluq təşkil etdiyi Zəngəzur və Şərqi Göyçə (Sevan) Sovet hakimiyyətinin ilk illərində Ermənistana verilmişdir. Sonradan, 1921-ci ildə Qarabağın taleyi həll olunanda Stalin Azərbaycanın bu əyalətinin Ermənistana verilməsini dəstəkləmiş, lakin partiya yoldaşlarını inamından döndərə bilməmiş və bolşeviklər Qarabağı Azərbaycanın tərkibində saxlamışlar. Lakin O, Qarabağ ermənilərinə Azərbaycanın tərkibində muxtariyyət verilməsinə nail ola bilmişdi. Həmin dövrdə Ermənistanda, Dağlıq Qarabağın ərazisindən qat-qat böyük ərazidə (söhbət Azərbaycanın yuxarıda adlarını çəkdiyimiz, Ermənistana verilmiş Zəngəzur və Şərqi Göyçə regionlarından gedir) yaşayan və sayca qat-qat çox olan azərbaycanlılara isə heç nə verilməmişdi. Nəhayət, 100.000 azərbaycanlının Ermənistandan vəhşicəsinə Azərbaycana deportasiya olunması və onların yerinə Yaxın Şərqdən olan, o vaxta qədər heç vaxt həmin ərazidə yaşamamış əcnəbi ermənilərin immiqrasiyası məhz Stalinin dövründə, 1948-1950-ci illərdə təşkil edilmişdi.
Əgər cənab Yuşka bu faktlarla tanış olsaydı, o, Stalin rejimi illərində ermənilərin “başının müsibətlər çəkməsindən” danışmazdı.
Bir də ki, həmin illərdə hansı xalq əziyyət çəkmirdi?
Cənab Yuşkanın qeyri-peşəkarlığı onun belə bir fikrində də üzə çıxır ki, “Dağlıq Qarabağı Azərbaycana qaytarmaq olmaz, əks halda Ramil Səfərovla bağlı hadisəyə oxşar insidentlər orada da təkrarlanar”.
Bu tezis Qarabağın işğalına son qoymaqdan imtina etməsinə haqq qazandırmağa çalışan Yerevanın çox xoşladığı təbliğat kələyidir. Gördüyümüz kimi, litvalı səfir də güclü təbliğatın qurbanı olmuş və vəziyyəti müstəqil şəkildə, peşəkarlıqla təhlil edə bilməmişdir. Çox güman ki, o, türkiyəli diplomatları qətlə yetirmiş və Ermənistanda qəhrəmanlar kimi qələmə verilən Varujan Qarabedyan (Varuzsán Garabedian), Hampiq Sassunyan (Hampig Szasszunan), Monte Melkonyan (Monte Melkonian), Qurgen Yanikyan (Gurgen Janikian) kimi terrorçular barədə heç nə eşitməmişdir. Çox güman ki, o, Ermənistanda qəhrəmanlar kimi qələmə verilən nasist generallar Qaregin Njde (Garegin Nzsdeh) və Dro Kananyan (Dro Kananjan), fərari və qatil Andranik Ozanyan (Andranik Ozanjan) haqqında heç nə eşitməmişdir. Cənab Yuşka Ramil Səfərovun adını xatırladır, lakin “Azərbaycan Srebrenitsası” kimi məşhurlaşmış Azərbaycanın Xocalı şəhərinin sakinlərinin soyqırımı barədə bircə kəlmə də demir. Ermənistan prezidenti Serj Sarkisyan şəxsən özünün iştirak etdiyi bu qırğın barədə danışarkən ehtiyatsızlıqla etiraf etmişdir: “Xocalı hadisələrinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik”.
Cənab Yuşka hesab edir ki, Ramil Səfərovun bir hərəkətinə görə Azərbaycan “ərazi baxımından” cəzalandırılmalıdır. Əgər belədirsə, onda bu məntiqlə Ermənistan hərbi qulluqçuları tərəfindən Azərbaycanın on minlərlə dinc sakininin qətlə yetirilməsinə, bir çox ölkələrin parlamentləri tərəfindən tanınmış və pislənilmiş soyqırımı və bir sıra hərbi cinayətlər törədilməsinə görə Ermənistan necə cəzalandırılmalıdır? Bir daha deyirik, Litvalı səfir yəqin ki, bu suala anlaşıqlı cavab verə bilməyəcəkdir.
Cənab Yuşkanın söylədikləri Litva diplomatiyasının imicinə biabırçı bir ləkədir və onun tutduğu vəzifəyə peşəkarlıq baxımından əsla uyğun olmamasına dəlalət edir. Biz, aşağıda imza edən Macarıstan vətəndaşları ölkəmizin Xarici İşlər Nazirliyindən bu şəxsin diplomatik akkreditasiyadan məhrum olunmasını, onun məktəb və universitet proqramlarını təkrarlaması üçün öz vətəninə göndərilməsini tələb edirik.
(38 imza)