DÜNYA
Macarıstanın müdafiə naziri qəzaya düşmüşdür
Budapeşt, 20 sentyabr (AZƏRTAC). Ölkədə səfərə çıxmış Macarıstan müdafiə nazirinin avtomobili qeyri-leqal avtomobil yarışının iştirakçıları üzündən qəzaya uğramışdır. Macarıstanın “MTI” informasiya agentliyinin məlumatına görə, hərbi idarənin rəhbərini hospitala yerləşdirmişlər.
Macarıstan Müdafiə Nazirliyinin növbətçi mətbuat attaşesinin şərhində deyilir: “Macarıstan müdafiə nazirinin avtomobili Norqrad vilayətinə səfər zamanı qəzaya düşmüşdür. Nazir Çaba Qendeni xilasedici vertolyotla Budapeştdəki hərbi hospitala gətirmişlər”.
Verilən məlumata görə, qəza nazirin xidməti avtomobilinin qeyri-leqal ralli yarışı iştirakçılarının avtomobilləri ilə toqquşması nəticəsində baş vermişdir. Bundan əvvəl nazirin avtomobili fərqlənmə siqnallarından istifadə edərək, yolda qeyri-qanuni qurulmuş sədd haqqında işarə verən adamı ötüb keçməyə çalışmışdır.
Nazir Çaba Qendeni və yol qəzasında zərər çəkmiş digər şəxsləri dünən Müdafiə Nazirliyinin hospitalına gətirmişlər. Tibbi müayinə aparılır. Nazirin vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt