İQTİSADİYYAT
“Madosan”nın məhsulları Azərbaycanın ticarət obyektlərində istifadə olunur
Bakı, 15 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Bakıda “Caspian İnd Expo” beynəlxalq sənaye sərgisində iştirak edən Türkiyənin “Madosan” şirkəti anbar və mağazalar üçün xüsusi dizayna malik rəf sistemlərinin istehsalı və satışını həyata keçirir.
Bu barədə AZƏRTAC-a müsahibəsində şirkətin marketinq üzrə müdiri Murat Şağban deyib.
Təmsil etdiyi qurumun bu sahədə artıq 30 ildir fəaliyyət göstərdiyini vurğulayan M.Şağban bildirib ki, şirkət məhsullarını dünyanın 72 ölkəsinə ixrac edir.
Onun sözlərinə görə, məhsullar daha çox Avropa və Afrika ölkələrinə satılır və beynəlxalq standartlara tam uyğundur.
İldə on milyonlarla dollar dəyərində məhsul buraxan şirkət bu sahədə Türkiyənin ən iri istehsalçısıdır.
Azərbaycanda “Azərsun Holdinq”lə əməkdaşlıq etdiklərini söyləyən şirkət rəsmisi onu da əlavə edib ki, Azərbaycanın bir sıra marketlərində də “Madosan”ın rəflərindən istifadə olunur.