ELM VƏ TƏHSİL
Magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər magistraturaya qəbul imtahanının birinci mərhələsində istifadə olunan xarici dillər üzrə test bloku üçün texniki tapşırığın müəyyənləşdirilməsi ilə əlaqədar təqdimatla tanış olmuşlar. Təqdimatda ayrı-ayrı xarici dillər üzrə test tapşırıqlarından ibarət bankların strukturu, hər bir fənn üzrə bankın bölmələri, tapşırıqların çətinlik və relevantlıq göstəriciləri ətraflı işıqlandırılmışdır.
Sonra seminar iştirakçıları təqdimat ətrafında fikirlərini bildirmişlər. Qəbul imtahanı üçün tərtib edilən texniki tapşırığın layihəsi məqbul hesab edilmiş, xarici dillər üzrə bankların ayrı-ayrı bölmələri üzərində görüləcək təkmilləşdirmə işləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.